İqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində xüsusi karantin qaydalarına, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqləri davam etdirir.
Fins.az xəbər verir ki, nazirliyin və onun tabeliyindəki qurumların əməkdaşlarından, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət monitorinq qrupları Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən iş və xidmət sahələrində, istehsal müəssisələrində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyətini araşdırıb. Ümumilikdə, mayın 22-dən 30-dək 1592 sahibkarlıq subyektində monitorinq keçirilib və 744 obyektdə 2459 tələblərin pozulması halı qeyd alınıb.
Suraxanı rayonunda "OBA Market”də, “Park Restoran”da, “Şeyx Dönər”də, “Qoç Ət”də, Binəqədi, Sabunçu, Nəsimi, Qaradağ, Xətai, Xəzər, Yasamal, Nizami, Abşeron rayonlarında, Gəncə şəhərində, Xaçmaz, Şamaxı, Lənkəran, Qax, Bərdə rayonlarında xidmət obyektlərində, mağaza və apteklərdə, ictimai iaşə obyektlərində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.
Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, müvafiq metodiki göstərişlər paylanılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.
Monitorinqlər davam edir.