BİZNES

31 May

“Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr -NAZİRLİK AÇIQLAYIR

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) keçirilən görüşdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Dövlət Vergi Xidmətinin, KOBİA-nın və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak edib.

Fins.sz xəbər verir ki, görüşdə mayın 31-dən etibarən ölkə ərazisində iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar və ictimai iaşə məkanları istisna olmaqla) fəaliyyətinin bərpa olunması ilə əlaqədar sahibkarların Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam riayət etməsi vəziyyəti, ticarət obyektlərində işçilər və müştərilər üçün lazımi şərait yaradılması, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunması məsələləri müzakirə edilib.

TƏBİB-in nümayəndələri sahibkarlara ticarət və xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına dair metodiki göstərişlər barədə məlumat veriblər. Qeyd edilib ki, metodiki göstərişlər “Sədərək” və “Binə” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə də göndəriləcəkdir.

Görüşdə “Sədərək” və “Binə” ticarət mərkəzlərinin xüsusiyyəti nəzərə alınmaqla, burada sosial davranış və sanitar-epidemioloji tələblərə və metodiki göstərişlərə riayət olunması sisteminin səmərəli təşkilinə dair məsləhətləşmələr aparılıb, müəyyən olunmuş tələblərə əməl edilməsinin zəruriliyi bir daha diqqətə çatdırılıb.