BİZNES

21 May

Pandemiyadan zərər çəkmiş sahələrə dövlət büdcəsindən 533 mln. manatdan çox maliyyə dəstəyi göstərilib

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq nəzərdə tutulmuş sahələr üzrə dövlət büdcəsindən maliyyə vəsaitlərinin ayrılması davam etdirilir.

Maliyyə Nazirliyindən fins.az-a verilən məlumata görə, 19 may 2020-ci il tarixinə 2020-ci il dövlət büdcəsinin xərclərində koronavirus pandemiyası ilə bağlı nəzərdə tutulmuş vəsaitdən müxtəlif sahələri əhatə etməklə, 533,257 mln. manat ayrılaraq maliyyələşməsi təmin olunub.

Tədbirlər Planının iqtisadi artıma və sahibkarlığa dəstək istiqaməti üzrə bir neçə sahənin maliyyələşdirilməsi həyata keçirilir. O cümlədən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 69,119 mln. manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55,637 mln. manat vəsaitin ayrılması icra olunub. Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 mln. manat ödənilib.

Ümumilikdə, qeyd edilən istiqamətlər üzrə İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında 159,757 mln. manat həcmində vəsait ödənilib.

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min şəxsə iki ay ərzində, hər ay 190 manat birdəfəlik ödəmənin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 229 mln. manat vəsaitin köçürülməsi başa çatdırılıb, həmçinin işsizlərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə 15 mln. manat vəsait ayrılıb. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu məqsədlər üçün nəzərdə tutulmuş büdcə xərclərinin 244 mln. manatlıq hissəsi Maliyyə Nazirliyi tərəfindən tam təmin edilib.

Tədbirlər Planında nəzərdə tutulduğu kimi, iqtisadiyyatın həyati vacib sərnişindaşıma sahəsinə də maliyyə dəstəyi göstərilir. Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbindən bütün uçuşların dayandırılması və hava yolları şirkətlərinin gəlirlərinin böyük ölçüdə azalması ilə əlaqədar dünyanın istisnasız olaraq bütün aviaşirkətləri kimi “Azərbaycan Hava Yolları”da böyük zərərlə qarşılaşıb. Artıq bir sıra aviaşirkətlər müflis elan edilib, əksəriyyəti isə dövlətləri tərəfindən dəstəklənirlər. Dövlət dəstəyi tədbirləri çərçivəsində respublikamızın ən iri aviaşirkəti olan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 86,9 mln. vəsaitin köçürülməsi təmin edilib. Dövlət büdcəsindən ayrılan maliyyə dəstəyi ilk növbədə AZAL-da və onun tabeli təşkilatlarında çalışan işçilərin əməkhaqqları və ona bərabər tutulan ödənişlərə, xarici və daxili qurumlar qarşısında olan kreditor borclara, kommunal və bir sıra digər minimal əməliyyat xərclərinin ödənilməsinə yönəldilib.

Sərnişindaşıma sahələrdən biri olan “Bakı Metropoliteni” QSC-yə isə dövlət büdcəsindən 2,6 mln. manat ilkin maliyyə dəstəyi göstərilib və ictimai nəqliyyatın ən mühüm sahəsi olan metroya dəstək tədbirləri davam etdiriləcəkdir.

Eyni zamanda Tədbirlər Planında nəzərdə tutulduğu kimi, İpoteka və Kredit Zəmanət Fonduna güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 40 mln. manat vəsait köçürülüb.

Tədbirlər Planında nəzərdə tutulmuş vəsait hesabına İqtisadiyyat Nazirliyinin xətti ilə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən 323 sahibkarlıq subyektində çalışan 4 134 muzdlu işçinin əmək haqqının ödənilməsi üçün 1,603 mln. manat, 6 282 fərdi (mikro) sahibkara isə maliyyə yardımının edilməsi üçün 2,298 mln. manat maliyyə dəstəyinin göstərilməsi təmin edilir. Həmçinin, dövlət büdcəsindən işsiz kimi qeydiyyata alınan şəxslərə dövlət dəstəyinin göstərilməsi məqsədilə 3,610 mln. manat, Naxçıvan Beynəlxalq Hava Limanının əmək haqqı və digər əməliyyat xərclərinin qarşılanması, habelə şəhərlərarası və şəhərdaxili nəqliyyat xidməti sahəsində fəaliyyət göstərən 7 sahibkarlıq subyektinə maliyyə yardımının göstərilməsi üçün 1,242 mln. manat Muxtar Respublikanın Nazirlər Kabinetinə köçürülüb.

Pandemiyadan zərər çəkmiş bütün sahələrdə maliyyə dəstəyi və güzəştlər üzrə maliyyələşmə işləri Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdirilir.