BİZNES

19 May

Ayaz Museyibov: Azərbaycan MDB –də Enerji Keçidi İndeksi üzrə birincidir

Davos İqtisadi Forumu özünün yeni Enerji Keçidi İndeksi (ETI ) üzrə hesabatını dərc edib. Azərbaycan indeks cədvəlində 44-cü mövqedə qərarlaşıb ki, bu da MDB məkanında ən yüksək nəticədir. İndeksdə ölkənin mövqeyi ötən hesabatla müqayisədə 13 pillə yaxşılaşıb. Azərbaycanın 2015-ci illə müqayisədə ümumilikdə 2 faizlik artıma nail olunduğu göstərilib. Ölkənin ETI indeksi üzrə ümumi göstəricisi 58,1 faizdir və 2020-ci il üzrə qlobal ETI göstəricisindən (55,1 faiz) da daha yüksəkdir. Həmçinin, müvafiq göstərici Moldovada 52,4, Rusiya Federasiyasında 50,5, Tacikistanda 49,8, Qazaxıstanda 48,3, Ukraynada 43,3, Qırğızıstanda 42,7 faizdir. İndeksin nəticələrinə əsasən Azərbaycan bu mövqeyinə görə Qatar, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Tunis, Küveyt, İran, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela kimi bol enerji resurslarına malik ölkələri də geridə qoymağı bacarıb.Qeyd edək ki, ETİ indeksi 2 əsas sub-indeks əsasında formalaşır: enerji sistemlərinin ümumi performans qiymətləndirilməsi və enerji keçidinə hazırlıq üzrə.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitiki Ayaz Museyibov bildirir ki, müvafiq hesabat gələcək nəsillər üçün təhlükəsiz, dayanıqlı, əlçatan və inklüziv enerji sistemlərinin qurulması üçün əsas meyarları hesablayır və bərpaolunan, alternativ enerji sistemlərinə keçidi nəzərdə tutur.

Davos Forumunun yeni hesabatında ölkələrin enerji sistemləri 40 indikator üzrə 0-100 faiz aralığında qiymətləndirilib. Hesabatda dünya əhalisinin 90 faizdən çoxunu, qlobal enerji təchizatının 93 faizi və nominal ümumi daxili məhsulun (ÜDM) 98 faizdən çoxunu təşkil edən 115 ölkə əhatə olunub. İndeksin hazırlanmasında 20 beynəlxalq və mötəbər hesab olunan məlumat təchizatçısının informasiyalarına əsaslanılıb.

Ayaz Museyibov qeyd edir ki, performans qiymətləndirilməsi sub-indeksi üzrə 3 əsas istiqamətdə nailiyyətlər qiymətləndirilib:

  • iqtisadi inkişaf və artım,
  • enerjiyə çıxış və təhlükəsizlik,
  • ətraf mühitin dayanıqlılığı.

Bu istiqamətlərin hər biri üzrə isə çoxsaylı indikatorlar - enerji sənayesinin rəqabətqabiliyyətliliyi, ÜDM-ə tövhəsi, atmosfer çirklənməsi, adambaşına düşən karbon emissiyası, enerji təchizatının keyfiyyəti, təhlükəsizliyi və enerjiyə çıxış kimi mühüm amillər bərabər xüsusi çəkidə qiymətləndirilib. Enerji sisteminin performansı üzrə Azərbaycan 100 üzərindən 67 faizlik göstəriciyə nail olub ki, bu da hesabatda ən yaxşı mövqeyə malik 30 ölkədən biri olaraq qiymətləndirilib.

ETI indeksinin enerji keçidinə hazırlıq sub-indeksi üzrə qiymətləndirilməsi də 6 əsas istiqamətdə formalaşıb:

  • kapital və investisiya,
  • tənzimləmə və siyasi loyallıq,
  • institutlar və idarəetmə,
  • infrastruktur və innovativ biznes mühiti,
  • insan kapitalı,
  • enerji sisteminin strukturu.

Bu istiqamətlər isə enerji sektorunda kapital resurslarına çıxış, beynəlxalq öhdəliklərə sadiqlik, şəffaflıq və siyasi sabitlik, qanunların rolu, sabit maliyyələşdirmə, ticarət logistikası, nəqliyyat infrastrukturu, innovativ biznes mühiti, təhsilin keyfiyyəti, bərpaolunan enerji sektorlarında karyera imkanları, yanacaq resurslarından asılılıq və s. kimi çoxsaylı alt-indikatorlardan təşkil olunub və ölkələrin qiymətləndirilməsində bərabər çəkidə  istifadə olunub. Bu sub-indeks üzrə Azərbaycanın əldə etdiyi bal 100 üzərindən 49 kimi qiymətləndirilib. Ümumiyyətlə, hesabatda diqqət çəkən mühüm bir məqam neft idxal edən ölkələrin neft ixrac edən ölkələri bir sıra parametrlər üzrə ötməsidir ki, bu da əsasən ətraf mühitin dayanıqlılığı, yeni enerji infrastrukturuna kapital və investisiya yatırımları və enerji keçidi proseslərinə loyallıq kimi amillərlə bağlıdır. Buna əsas səbəb isə enerji idxalçılarına bərpaolunan enerji resurslarını daha çox prioritetləşdirmək istiqamətində yönələn daxili təzyiqlərlə bağlıdır. Bu baxımdan resurs ixracatçılarının bu sub-indeks üzrə balı ümumilikdə aşağı olsa da, Azərbaycan bu baxımdan Yaxın Şərqin əsas neft ixrac edən ölkələrindən daha üstün mövqeyə malikdir və MDB məkanında da ön mövqedədir.

Eyni zamanda hesabatda vurğulanan məsələlərdən biri də odur ki, enerji sistemlərinə olan tələb son illər qlobal miqyasda xüsusilə artır. Belə ki, 2000-ci illə müqayisədə iqtisadi artım (ÜDM ifadəsində) 60 faiz olubsa, qlobal enerji tələbatı da buna müvafiq olaraq, 40 faiz artıb.   Məhz bu səbəbdən hər kəs üçün bərabər şərtlərlə, əlçatan və dayanıqlı enerji sisteminin qurulması xüsusi əhəmiyyətə malikdir. Koronavirus pandemiyasının da təsiri ilə hazırki dövrdə iqtisadi, maliyyə, tənzimləyici və infrastruktur baxımından dayanıqlılıq, sabitlik effektiv enerji sistemlərinə keçid üçün ilkin şərtlərdən hesab olunur. Günün trendləri də effektiv enerji sistemlərinə keçid və iqtisadi inkişaf arasında birbaşa tətikləyici gücün olduğunu göstərir, yəni enerji keçidi iqtisadi inkişaf üçün faktor olduğu kimi, dayanıqlı iqtisadi inkişaf da enerji keçidi üçün əhəmiyyətli rol oynayır. Yeni enerji sistemlərinə keçidin bir parametri olaraq, enerji təhlükəsizliyi həm də ona görə xüsusilə əhəmiyyətli hesab olunur ki, hazırda təbii qaz neftdən fərqli olaraq, məhdud coğrafi məkanda paylanmışdır və dəyər zənciri də qeyri-adekvat hesab olunur. Bu baxımdan yeni enerji sistemlərinə istiqamətlənmə qlobal səviyyədə əhəmiyyətli hesab olunur. Bərpaolunan enerji növlərinə xərcləmələr artdıqca bu istiqamətdən əldə olunan enerjinin dəyəri də əhəmiyyətli dərcədə artır. Ancaq bununla belə hesabatda dünya ölkələrinə ətraf mühitin dayanıqlı inkişafı, siyasətlərin tənzimlənməsi, texnologiya və maliyyə yatırımlarına istiqamətlənmə də tövsiyə olunur. 2020-ci ildəki Dünya İqtisadi Forumunda da dünyanın müxtəlif regionlarından olan steykholderlər tərəfindən dayanıqlı iqtisadi inkişafa nail olmanın əhəmiyyəti xüsusi vurğulanıb. Bu baxımdan Azərbaycan iqtisadiyyatının əsas maliyyə mənbəyi karbohidrogen resurslarının istismarı ilə bağlı olsa da, 2016-cı ildə BMT-nin  İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasına dair qlobal təşəbbüsə qoşulub. Ümumilikdə isə bu istiqamətdə atdığı uğurlu addımlarla yeni bərpaolunan enerji sistemlərinin, ətraf mühitin qorunmasının və bu kontekstdə dayanıqlı inkişafa nail olmanın ölkəmiz üçün prioritet olmasını göstərib.