BİZNES

18 May

Əhali karantində nə qədər pul xərcləyib?

Dövlət Statistika Komitəsi bu ilin ilk 3 ayı ərzində ölkə əhalisinin xərcləri ilə bağlı statistikanı açıqlayıb.

Məlumata görə, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 289,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 154,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 134,2 manatlıq qeyri-ərzaq malları alıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 53,6 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,1 faizi elektrik malları və mebellərin, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.