BİZNES

14 May

Azərbaycanda yaşayış evlərinin tikintisinə sərf olunan vəsait 16% artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan iqtisadiyyatına cəmi sərmayə qoyuluşunun 10,4%-i və ya 406 mln. manatı yaşayış evlərinin tikintisinə sərf olunub.

 Dövlət Statistika Komitəsinin məlumatına görə, yaşayış evlərinin tikintisinə sərf olunan vəsaitin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 15,8% artım müşahidə olunub.

Belə ki, 2020-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3903,5 mln. manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,5% az vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 2622,3 mln. manatı və ya 67,2%-i məhsul istehsalı sahələrinə, 875,2 mln. manatı (22,4%-i) xidmət sahələrinə, 406,0 mln. manatı (10,4%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 338,3 mln. manatını və ya 59,9%-ini daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2383,2 mln. manatı və ya 61,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 62,0%, büdcə vəsaitləri 21,0%, əhalinin şəxsi vəsaitləri 6,6%, bank kreditləri 5,7%, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,5%, sair vəsaitlər isə 2,2% təşkil edib.

(c)APA