Mayın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələri təşkil edilib.
Fins.az xəbər verir ki, videokonfransın məqsədi aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə videokonfrans formatında keçirilmiş Türk Şurasının fövqəladə Zirvə görüşündə dövlət başçıları tərəfindən qaldırılan məsələlərin icrası üçün birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi idi.
Tədbiri hazırda təşkilata sədrlik edən ölkə olaraq Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov aparıb. Görüşdə tərəfdaş ölkələrdə mövcud iqtisadi vəziyyət, COVID-19 pandemiyasının mənfi sosial-iqtisadi təsirlərinə qarşı birgə təkliflərin və praktik tədbirlərin hazırlanması, həmçinin postpandemiya dövründə aidiyyəti sahələr üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma hallarının məhdudlaşdırıldığını vurğulayıb. Qeyd edib ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir. İqtisadiyyat naziri ilk növbədə, sıx dövlət-vətəndaş həmrəyliyinə söykənməklə insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və muzdlu işçilərə dəstək verilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə həyata keçirilən operativ və sistemli tədbirlər barədə məlumat verib.
Videokonfransda iştirakçı ölkələrin müvafiq qurumlarının rəhbərləri COVID-19 pandemiyasının iqtisadi inkişafa və ticarət əlaqələrinə mənfi təsirinin azaldılması üçün təmsil etdikləri ölkələrdə görülən işlər barədə məlumat verib, Türk Şurası çərçivəsində həyata keçirilə biləcək birgə tədbirlərlə bağlı təkliflərini bildiriblər.
Görüşdə həmçinin, Türk Şurasına üzv və müşahidəçi ölkələrin gömrük xidməti rəhbərləri arasında fikir mübadiləsi aparılıb, gömrük orqanlarının rəhbərləri pandemiya dövründə praktiki addımların icrası barədə təkliflərini səsləndiriblər.