BİZNES

06 May

Caspian European Club Elmir Vəlizadənin iştirakı ilə B2B Transport forum təşkil edib

Caspian European Club Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadənin iştirakı ilə B2B Transport forum keçirib. Forum çərçivəsində nəqliyyat və logistika şirkətlərinin sual və təklifləri müzakirə olunub.

Fins.az xəbər verir ki ,bu barədə Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

İki saat davam edən onlayn B2B Transport forum çərçivəsində müzakirələrə həmçinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin rəisi Azər Əliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktor müavini Əkbər Kərimov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tranzit şöbəsinin rəisi Fərid Vəliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yol vergiləri şöbəsinin rəis müavini Sultan Hüseynov, Bakı şəhəri üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB Dostu) sədri Vüsal Qasımov və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar.

“Ölkə rəhbərliyi tərəfindən qarşıya Azərbaycanı regional nəqliyyat habına çevirmək məqsədi qoyulub. Azərbaycanın tranzit imkanları və mövcud infrastruktur yerli, o cümlədən xarici nəqliyyat və logistika şirkətlərinə bütün istiqamətlər üzrə yükdaşımaları həyata keçirməyə imkan verir”, - deyə Elmir Vəlizadə qeyd edib.

Forumda həmçinin kadr resurslarının qorunub saxlanılmasının zəruriliyi qeyd olunub, COVİD-19 pandemiyasının nəqliyyat sektorunun fəaliyyətinə mənfi təsirini azaltmaq məqsədilə həyata keçirilən dövlət dəstəyi barədə məlumat təqdim edilib.

Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından COVİD-19 koronavirus pandemiyası dövründə sahibkarlara göstərilən fəal mövqeyə və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Hökumətinin iqtisadi bloku təmsil edən bütün nümayəndələrinə minnətdarlığını ifadə edib.

Caspian European Club tərəfindən yaradılmış B2B forum beynəlxalq biznes-netvorkinq üçün unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri qısa təqdimatlar keçirir, öz fəaliyyətləri barədə danışır, sahənin problemləri ilə bölüşür və onların həlli yollrını təklif edirlər.

Həftədə iki dəfə keçirilən onlayn B2B forumlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrindən olan şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr qurmaq üçün əlavə platformadır.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.