ergi Məcəlləsinin 166-cı maddəsinə görə, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.
Ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin hesablanması həmin malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.
Vergi Məcəlləsinin 166-cı maddəsində bəzi xüsusi tələblər diqqətdə saxlanılmalıdır. Sadə şəkildə desək:
- ƏDV-yə cəlb olunan əməliyyatların vaxtı kassa metodu ilə, həmçinin avans daxilolmaları ilə nəzərə alınır;
- dəyişiklikdən sonra Məcəllədə 5 gün müddəti ilə bağlı müddəa yoxdur;
- 30 gün ödəmə müddəti ilə bağlı hədd aradan qaldırılıb;
- malların, işlərin təqdim edilmə vaxtı kimi elektron qaimə-fakturanın təqdim edilməsi tarixi sayılır;
- barter əməliyyatlarına, borc münasibətləri əvəzində malların, işlərin və xidmətlərin təqdim edilməsinə xüsusi yanaşılmalıdır;
- əvəzsiz təqdim edilmə üzrə əməliyyatların ƏDV-yə cəlb edilib-edilməməsi məsələsi üzrə əvvəldən qalmış mübahisəli məqamlar aradan qaldırılıb;
- əsas məbləğin ödənilməməsi, amma ƏDV-nin ödənilməsi və ya əksinə, olan əməliyyatların ƏDV-yə cəlb olunması uyğunsuzluqları aradan qaldırılıb.
Misal: Tutaq ki, ticarət fəaliyyəti ilə məşğul olan "AA" MMC 17 yanvar 2020-ci ildə 23.600 manatlıq elektron qaimə-fakturaya əsasən mal satıb, malların pulu isə 17 mart 2020-ci ildə ödənilib. Bu zaman MMC həmin malın satışını mart ayının əlavə dəyər vergisi bəyannaməsində göstərərək dövlət büdcəsinə olan borcunu ödəyəcək.