İnternetdə Apple şirkətinin kompüterlərində oyunların çox az olması barədə zarafatlar tez-tez olur. Görünür, Apple şirkəti buna reaksiya verərək sözügedən istiqamətdə inkişaf etmək niyyətinə gəlib. Belə ki, şirkət bir neçə müddət bundan öncə mobil oyunlar üçün nəzərdə tutulmuş Apple Arcade servisini istifadəyə verdi. İndi isə məlumata əsasən şirkət gamerlər üçün xüsusi kompüter hazırlamaqla məşğuldur.
Bu barədə Patentlyapple saytı xəbər verib. Məlumata əsasən şirkət öz tarixində ilk dəfə kiberidmançılar üçün nəzərdə tutulmuş xüsusi kompüter üzərində çalışır. Şirkətin bu cür kompüterinin qiyməti 5000$-a kimi çata bilər. Lakin bu kompüterin monoblok və ya noutbuk formatında olacağı hələ aydın deyil. Məlumatda qeyd edilib ki, kompüter böyük ölçülü ekrana sahib olacaq.
Ümumilikdə bu məlumat çox məntiqli səslənir. Belə ki, şirkət məhz bu il Apple Arcade servisini təqdim etməklə oyun sənayesi istiqamətində ilk addımını atıb. Oyun sənayesinin kazual auditoriyası artıq şirkətin əlindədir. İndi isə hardcore auditoriyanın ələ keçirilməsinə start vermək olar. Əgər bu məlumat düz olsa deməli şirkət öz ilk oyun kompüterini artıq gələn il təqdim edə bilər.