BİZNES

24 Dekabr

1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyətə başladığı ilk gündən Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsaslanaraq ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, güzəştli mənzillərlə təmin olunması məqsədilə qarşıya qoyulan vəzifələrin icrasını uğurla davam etdirir.

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində 16.10.2019 və 18.10.2019-cu il tarixlərində  “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 570 mənzildən 568-nin alqı-satqısı uğurla başa çatdırılmışdır. Həmin mənzillərdən 17-si 18 oktyabr 2019-cu il tarixində “Güzəştli mənzil” sistemi vasitəsilə gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilmişdir. Mənzilə sahib olmuş vətəndaşlardan 146-sı mənzili öz vəsaiti hesabına, 422-si isə güzəştli ipoteka krediti hesabına əldə etmişdir.

Satışın nəticələri barədə statistik məlumatlarlaburadan tanış ola bilərsiniz.

Ümumilikdə bu günədək keçirilən 5 satışın nəticəsində 1385 ailə MİDA-nın ilk layihəsi - Yasamal Yaşayış Kompleksində güzəştli mənzilə sahib olmuşdur.Güzəştli şərtlərlə əldə edilmiş mənzillərdən 247-si 1 otaqlı, 794-ü 2 otaqlı, 344-si isə 3 otaqlıdır.Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilmişdir.

Qeyd edək ki, 25.12.2019-cu il tarixində Kompleksdə qalan 248 mənzilin satışı həyata keçiriləcəkdir.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə  əsasən hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksində yerləşən 436 ədəd tam təmirli mənzil ayrılmışdır.Hal-hazırda həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər davam etdirilir.