BİZNES

24 Dekabr

Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 3,4 dəfə artıb

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 6 milyon 336,1 min kvadratmetr təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 3,4 dəfə çoxdur. Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Noyabrda 1 milyon 74,7 min kvadratmetr yaşayış sahəsi istismara verilib.

Bu, prezident İlham Əliyevin bəzi çoxmərtəbəli yaşayış binalarının istismarının sadələşdirilməsi haqqında imzaladığı fərmanın həyata keçirilməsi ilə əlaqədardır. Fərmana əsasən, Fövqəladə Hallar Nazirliyinə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə etmək tapşırılıb.

Statistik məlumatlara görə, 11 ay ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 milyard 205,8 milyon manat (artım 12,4%) təşkil edib.

Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 84,7 min kvadratmetr təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 3,3% çoxdur.

Ötən il yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 milyard 318,8 milyon manat (artım 32,3%) təşkil edib