Hazırda 505 hüquqi şəxs “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edib.
Dövlət Gömrük Komitəsindən fins.az-a verilən məlumata görə, ümumilikdə idxal əməliyyatlarının 25, ixrac əməliyyatlarının 27%-i, ticarət dövriyyəsinin isə 8 milyard dolları “Yaşıl dəhliz” istifadəçilərinin payına düşür. Komitədən bildirilib ki, risklərin analizi, uçot sisteminin yenidən qurulması, vergi orqanları ilə birlikdə təşkil edilən maliyyə nəzarətinin gücləndirilməsi hesabına kölgə iqtisadiyyatının aradan qaldırılması, gömrük əməliyyatlarında şəffaflığın təmin olunması da həyata keçirilən islahatların nəticəsidir. Gömrük orqanlarının 2 il əvvəlki plan-proqnozla müqayisədə nəzərdə tutulandan 2 milyard manat artıq vəsaiti toplayaraq dövlət büdcəsinə köçürməsi “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində uğurlu addımdır. Gömrük orqanlarının ən vacib fəaliyyət sahələrindən biri də qaçaqmalçılığa qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır ki, son 2 ildə 4 tondan artıq narkotik vasitənin aşkar edilərək dövriyyədən çıxarılması gömrük orqanlarının bu sahədə də səmərəli fəaliyyətindən xəbər verir. İslahatlar dövründə yaradılan Ticarətin Asanlaşdırılması mərkəzlərinin, ən müasir texniki vasitələrin, “1 inspektor 1 nəqliyyat vasitəsi”, “e-növbə” kimi innovativ layihələrin, informasiya texnologiyalarının tətbiqi hesabına sərhədkeçmə proseslərinə sərf olunan müddət 3 dəfəyə qədər azaldılıb. Əvvəl gömrük-sərhəd buraxılış məntəqələrindən gün ərzində 250 yük nəqliyyat vasitəsi keçirdisə, hazırda bu rəqəm 600-ə çatdırılıb ki, bu da beynəlxalq ticarətin və tranzit əməliyyatlarının sürətləndirilməsi üçün mühüm amildir. 2019-cu ildə Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatının dünyanın ən inkişaf etmiş 53 ölkəsini özündə birləşdirən Avropa regionuna 2 il müddətinə rəhbər seçilməsi də Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların uğurlu icrasının nəticəsidir.