BİZNES

19 Dekabr

Azərbaycanda maliyyə sektoruna sərmayə qoyuluşu üç dəfədən çox artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə əlaqədar sahələrə 37,2 mln. sərmayə qoyulub.

Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumatda bildirlilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu fəaliyyətlə bağlı sərmayələrin həcmi 3,3 dəfə artıb.

Ölkə iqtisadiyyatına cəmi sərmayə qoyuluşunda bu kateqoriyaya sərmayələrin xüsusi çəkisi 0,1%-dən 0,3%-ə yüksəlib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 786,9 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8% az vəsait yönəldilib.

Hesabat dövründə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 49,2%-i sənaye, 22,4%-i tikinti, 13%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,1%-i təhsil, 1,9%-i informasiya və rabitə, 0,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.