Finss.az - Binance Crypto-as-a-Service (CaaS) adlı yeni məhsulunu təqdim edib. Bu, banklar, brokerlər və birjalar üçün nəzərdə tutulmuş infrastruktur həllidir və onlara öz brendi altında kriptovalyuta xidmətlərini işə salmağa imkan verir.
Rəqəmsal aktivlərə artan tələbat qarşısında ənənəvi maliyyə institutları yeni reallıqla üzləşir. Müştərilərə kriptobazarına çıxış imkanı təklif etmək artıq seçim deyil, zərurətdir. Lakin müstəqil infrastrukturun qurulması, texnologiyadan tutmuş komplayensə və likvidliyə qədər sahələr böyük investisiya və risklər tələb edir.
Məhz bu problemi Crypto-as-a-Service modeli həll edir. Binance arxa infrastrukturun (“back-end”) bütün mərhələlərini ticarət əməliyyatlarını, likvidliyi, saxlanmanı, komplayens proseslərini və hesablaşmaları öz üzərinə götürür. Banklar və brokerlər isə “front-end” hissəsini yəni brendin idarə olunmasını, müştəri münasibətlərini və istifadəçi təcrübəsini təmin edirlər. Beləliklə, maliyyə institutları kriptovalyuta xidmətlərini daha sürətli və sıfırdan ekosistem yaratmadan inteqrasiya edə bilirlər.
Əsas xüsusiyyət - internalised trading
Yeni həll daxili order uyğunlaşdırılması mexanizmini nəzərdə tutur. Bu, maliyyə institutlarına öz müştəriləri arasında əməliyyatları sistem daxilində həyata keçirməyə imkan verir və likvidliyi qorumaqla yanaşı, xərcləri də azaldır. Eyni zamanda, onlar Binance-in dərin order kitabına çıxışı saxlayırlar. Bu yanaşma gəlirliliyi artırmağa, həmçinin əlavə infrastruktur xərcləri olmadan müştərilərə daha rəqabətqabiliyyətli şərtlər təqdim etməyə şərait yaradır.
Əlavə imkanlar
CaaS çərçivəsində maliyyə institutları aşağıdakı üstünlükləri əldə edirlər:
Binance-in spot və fyuçers bazarlarında likvidliyə tam çıxış;
Müştəri analitikası və ticarət həcmlərinə dair məlumatları əhatə edən ixtisaslaşdırılmış idarəetmə paneli;
Komissiyaların tənzimlənməsi və müştəri seqmentasiyasının idarə olunması üçün alətlər;
KYC (müştərini tanı) prosedurları, əməliyyatların monitorinqi və aktivlərin depozitar uçotu üzrə daxili həllər.
İstifadəyə verilmə xəritəsi
30 sentyabrdan etibarən xidmət erkən giriş rejimində məhdud sayda lisenziyalı bank və broker üçün açılır. Proqramın daha geniş iştirakçı dairəsinə ilin sonuna qədər genişləndirilməsi planlaşdırılır.
Bu niyə vacibdir
Binance CaaS-in istifadəyə verilməsi qlobal tendensiyanı əks etdirir. Kriptovalyutalar artıq yalnız dar ixtisaslaşmış alət deyil, maliyyə institutlarının standart xidmət paketinin bir hissəsinə çevrilir. Bu, sənaye üçün rəqəmsal aktivlərin klassik bank sisteminə inteqrasiyasının sürətlənməsi, müştərilər üçün isə adi maliyyə kanalları vasitəsilə yeni investisiya imkanlarına çıxış deməkdir.