BİRJA

25 İyul

Neft qiymətləri yüksəlir: Brent 70 dollara yaxınlaşdı

Finss.az - Neftin dünya bazarındakı qiymətləri ardıcıl ikinci gündür artmaqdadır.

Artım ABŞ-la ticarət danışıqları ətrafında yaranmış nikbin ab-hava və dizel yanacağı bazarındakı tələbat sıxlığı ilə izah olunur.

Bloomberg agentliyinin məlumatına görə, "Brent" markalı neftin qiyməti bir barel üçün 70 dollara yaxınlaşıb. Cümə axşamı bu marka təxminən 1% bahalaşıb. ABŞ-ın "WTI" markalı nefti isə 66 dollar səviyyəsini keçib.

Dizel yanacağının qiymətindəki kəskin artım, yanacaq hasilatı yüksək olan xüsusi neft növlərinə tələbatı artırıb və ümumi bazara müsbət təsir göstərib. TotalEnergies şirkətinə görə, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni enerji məhdudiyyətləri regionda dizel çatışmazlığını daha da gücləndirib.

Westpac Banking şirkətinin analitiki Robert Rənni isə bazarın gələcək dinamikası ilə bağlı xəbərdarlıq edir. Onun sözlərinə görə, yay mövsümünün sonuna doğru neftə olan tələbat azalacaq, payızda isə təchizatın artması fonunda qlobal ehtiyatlar sürətlə yüksələcək. Nəticədə Brent markalı neftin qiyməti 60 dollara qədər enə bilər.

Eyni zamanda, Hindistanın ticarət naziri Piyuş Goyal ölkəsinin ABŞ-la 1 avqustadək ticarət razılaşmasına nail olacağına inandığını bildirib. Braziliya və Meksika da Vaşinqtonla əlaqələri genişləndirmək niyyətindədir.