İyulun 14-də “Bitcoin” kriptovalyutası qiymət baxımından yeni tarixi rekorda imza atıb.
Finss.az-ın məlumatına görə, dünyanın ən dəyərli kriptovalyutası birjalarda 121 977 ABŞ dollarına qədər yüksəlib. “CoinMarketCap” platformasında isə son sutka ərzində 3,25% bahalaşaraq 121 681 dollar səviyyəsində qərarlaşıb.
Yüksəliş təkcə “Bitcoin”lə məhdudlaşmayıb. Kriptobazarın əsas oyunçularından olan “Ethereum”un qiyməti 2,96% artaraq 3 044 ABŞ dollarına çatıb. İlk üçlükdə yer alan XRP isə son 24 saatda 5,78%-lik bahalaşma göstərib.
Ekspertlər hesab edirlər ki, bazarda müşahidə olunan kəskin artım bir neçə paralel faktordan qaynaqlanır. Bunlar arasında ABŞ və Asiya bazarlarında spot ETF-lərə artan institusional maraq, ABŞ-da kriptovalyutalara dəstək xarakterli qanunverici təşəbbüslər, inflyasiya göstəricilərinin nəzarətdə saxlanılması və nəticədə riskli aktivlərə yönələn sərmayələr xüsusi rol oynayıb.
Eyni zamanda, analitiklər texniki göstəricilərə əsaslanaraq bildirirlər ki, “short position”ların (qısa mövqelərin) bağlanması fonunda baş verən alışlar da qiymət artımını sürətləndirib. Bu amillərin birgə təsiri nəticəsində kriptovalyuta bazarında güclü yüksəliş dalğası yaranıb.