Finss.az xəbər verir ki, cümə axşamı səhər neft qiymətləri ABŞ-ın İran-İsrail münaqişəsində iştirak planları ilə bağlı qeyri-müəyyənlik fonunda yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı avqust fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 8:26-a 0,21 dollar (0,27%) bahalaşaraq 76,91 dollar/barelə çatıb. Çərşənbə günü bu müqavilələr bir barel üçün 0,25 dollar artaraq 76,7 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində iyul ayı üçün WTI neftinin fyuçersləri 0,2 dollar (0,27%) bahalaşaraq 75,34 dollar/barelə çatıb. Əvvəlki sessiyanın yekunlarına görə, bu kontraktların qiyməti 0,3 dollar artaraq bir barel üçün 75,14 dollar olub.
Yaxın Şərqdəki vəziyyət bazarın diqqət mərkəzində qalır. İnvestorlar ehtiyat edirlər ki, regionda gərginliyin daha da artması və İsraillə İran arasında genişlənən münaqişə Hörmüz boğazında gəmi daşımalarının məhdudlaşdırılmasına və neft tədarükündə fasilələrə səbəb ola bilər.