Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) 2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasının 2024-cü il üzrə icra vəziyyətini əks etdirən hesabatını açıqlayıb.
Bu barədə Finss.az-a MDM-dən məlumat verilib.
Hesabatda qeyd olunub ki, il ərzində strateji hədəflərlə müəyyən edilmiş fəaliyyətlərin ümumilikdə 19,7%-i icra olunub, 80,3%-i isə müxtəlif səbəblərdən gecikib.
Fəaliyyət istiqamətlərinə görə icra vəziyyəti belə olub:
- Fəaliyyət istiqamətlərinin inkişafı – 23,5%
- Əməliyyat effektivliyinin artırılması – 29,4%
- Etibarlı infrastrukturun qurulması – 20%
- İnsan resurslarının inkişafı – 100%
Eyni zamanda, Elektron Sənəd Dövriyyəsi (ESD) sisteminin tətbiqi tam şəkildə həyata keçirilib.
Hesabatda göstərilən əsas gecikmələrə yeni tarif siyasətinin hazırlanması, depozitar və mühasibat sistemlərinin inteqrasiyası, eləcə də Risk İştahası Beyannaməsinin hüquqi təsdiqi daxildir. Hər üç istiqamət üzrə icra faizi 0% olaraq qeyd edilib.
2024-cü il üzrə rəqəmsallaşma səviyyəsi 70% təşkil edib. Fərdi depo hesablarının sayı 40,000-ə çatdırılıb. Eyni zamanda, uğursuz kiberhücumların nisbətinin 100% olduğu – yəni bütün təhlükə cəhdlərinin dəf edildiyi bildirilir.
MDM-in 2026-cı ilə dair proqnozlarına görə, rəqəmsallaşma səviyyəsinin 95%-ə çatdırılması, fərdi depo hesablarının sayının isə 100,000-ə yüksəldilməsi planlaşdırılır. Bununla yanaşı, həmin vaxta qədər uğursuz kiberhücumların tamamilə aradan qaldırılması – sıfıra endirilməsi hədəflənir.
MDM rəhbərliyi bildirib ki, gecikən layihələr üzərində işlər intensiv şəkildə davam etdirilir. 2025-ci il üçün əsas prioritetlər arasında Qazaxıstan Mərkəzi Depozitari ilə əməkdaşlığın genişləndirilməsi, “İnvestor portal”ın funksionallığının artırılması və rəqəmsal transformasiyanın tamamlanması yer alır.
Fuad Mədətov
Finss.az







