Finss.az - Bu gün səhər saatlarında Moskva Birjasında ticarət sessiyası mülayim artımla başlayıb.
Rusiya-Ukrayna münaqişəsinin həlli məqsədilə 15 may tarixində İstanbulda planlaşdırılan danışıqlara dair ümidlər investor psixologiyasına müsbət təsir göstərib.
Moskva Birjasının əsas indeksi IMOEX səhər saatlarında 0,2% artaraq 2936,22 bəndə çatıb. Ən çox bahalaşan səhmlər sırasında “PİK” Şirkətlər Qrupu (+0,8%) və “FosAgro” (+0,6%) olub. Eyni zamanda “LUKOYL”, “RUSAL”, “MTS”, “Norilsk Nikel”, “Qazprom” və “Sberbank” səhmlərində də yüngül artım qeydə alınıb.
Bununla belə, neft bazarındakı qeyri-sabitlik investorları ehtiyatlı olmağa vadar edir. Brent markalı neftin iyul fyuçersləri 0,4% azalaraq 64,72 dollar səviyyəsinə enib. Bu, əvvəlki gün ABŞ və Çin arasında ticarət rüsumlarının azaldılması xəbəri fonunda baş verən 66 dollar həddini keçən sıçrayışdan sonra baş verib.
Rusiya Prezidenti Vladimir Putin danışıqların bərpasını dəstəklədiyini, ABŞ Prezidenti Donald Tramp isə bu prosesi müsbət qiymətləndirdiyini açıqlayıb. Tramp, ehtiyac olarsa, danışıqlar üçün şəxsən Türkiyəyə səfər etməyə hazır olduğunu bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Hakan Fidan isə İstanbulda danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını təsdiqləyiblər.
Beynəlxalq fond bazarlarında da pozitiv dinamika müşahidə olunur. ABŞ-da Nasdaq indeksi 4,4% artım nümayiş etdirib, bu isə Vaşinqtonla Pekin arasında 90 günlük ticarət rüsumlarının qarşılıqlı azaldılması barədə razılıqla əlaqədardır. ABŞ rüsumları 145%-dən 30%-ə, Çin isə 125%-dən 10%-ə endirəcək.