Finss.az – Dünya bazarlarında buğda qiymətləri son ayların ən aşağı səviyyəsinə düşüb.
2024-cü ilin iyul ayından bəri ilk dəfə bu qədər ucuzlaşan buğda fyuçerslərinə səbəb Şimal yarımkürəsində məhsul yığımının yaxınlaşması və bir sıra əsas istehsalçı ölkələrdə əlverişli hava şəraitidir.
Avstraliyanın Commonwealth Bank-ının aqrar iqtisadçısı Dennis Voznesenski bildirib ki, bir çox iri ixracatçı ölkələr – o cümlədən ABŞ və Rusiya – yaxın həftələrdə məhsul yığımına başlayacaq. Bu isə qısamüddətli dövrdə təklifin artmasına və qiymətlərə təzyiqin güclənməsinə səbəb olur.
“Əkin sahələrinin vəziyyəti əvvəlki narahatlıqlardan daha yaxşıdır. Xüsusilə ABŞ və Rusiyada şərait gözləniləndən daha əlverişlidir,” – deyə iqtisadçı qeyd edib.
Qara dəniz bölgəsində yağışlar məhsuldarlığı dəstəkləyir
Meteoroloji şirkət Vaisalanın məlumatına görə, Qara dəniz regionunda bu həftə ərzində gözlənilən yağışlar torpağın nəmlənməsini artıracaq və quraqlıqdan zərər görmüş payızlıq buğdanın bərpasına töhfə verəcək.
Eyni zamanda, ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) 2025/26 mövsümü üçün ilk qlobal təklif və tələbat balans proqnozunu bu gün açıqlayacaq. Bloomberg-in analitik sorğusuna əsasən, dünya üzrə buğda ehtiyatlarının 261,4 milyon ton olacağı gözlənilir. Bu rəqəm cari mövsümün sonuna proqnozlaşdırılan 261 milyon tona yaxındır.
Buna baxmayaraq, bu səviyyə son on ilin ən aşağı göstəricilərindəndir və bazarı potensial hava risklərinə qarşı həssas vəziyyətdə saxlayır.
Soya qiymətləri isə yüksəlir
Əksinə, soya bazarında qiymətlər artım nümayiş etdirib. ABŞ və Çin arasında kənd təsərrüfatı ticarəti ilə bağlı keçirilmiş iki günlük danışıqlardan sonra “əhəmiyyətli irəliləyiş” barədə məlumat yayılıb. Tərəflər hələlik konkret addımlar atmasalar da, münasibətlərdə istiləşmə tendensiyası soya ixracına müsbət təsir edə bilər. Çin dünya üzrə ən böyük soya idxalçısı olaraq qalır.