BİRJA

30 Aprel

2025–2028: “Brent” və “WTI” nefti üçün qiymət proqnozları azaldılıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025–2028-ci illər üçün neftin orta qiyməti üzrə yeni proqnozunu açıqlayıb.

Finss.az agentliyin baza ssenarisinə əsasən xəbər verir ki, “Brent” markalı neftin bir barelinin qiyməti 2025-ci ildə 65 ABŞ dolları səviyyəsində olacaq ki, bu da əvvəlki 70 dollar proqnozundan 5 dollar aşağıdır.

2026 və 2027-ci illər üzrə “Brent” üçün qiymət proqnozu dəyişməyərək 65 dollar səviyyəsində qalıb, 2028-ci il üçün isə bu göstərici 60 dollar olaraq saxlanılıb.

“WTI” markalı neftin qiyməti isə 2025-ci il üçün əvvəlki 65 dollardan 60 dollara endirilib. 2026 və 2027-ci illər üçün proqnoz dəyişməyərək 60 dollar, 2028-ci il üçün isə 57 dollar olaraq qalır.

Hesabatda vurğulanır ki, 2024-cü ildə “Brent”in orta qiyməti 80,5 dollar, “WTI” markalı neftin isə 76,6 dollar olub. Beləliklə, “Fitch”in proqnozları növbəti illərdə neft qiymətlərində tədrici azalma tendensiyasının davam edəcəyinə işarə edir.

Fuad Mədətov
Finss.az