BİRJA

17 Aprel

Qızıl qiyməti tarixi rekorda çatdı

Finss.az - Dünyada artan iqtisadi qeyri-müəyyənlik və ticarət müharibəsi təhlükəsi fonunda qızılın qiyməti tarixdə ilk dəfə rekord səviyyəyə çatıb.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin ticarət müharibəsinin nəticələri ilə bağlı verdiyi açıqlamalar maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olub.

Beynəlxalq bazarlarda külçə qızılın bir unsiyasının qiyməti 3.357,78 dollar ilə zirvəni test edib. Bununla da 2025-ci ildə qızılın qiyməti 28%-ə yaxın artaraq, ötən ilki 27%-lik artımı da geridə qoyub.

Pauell bildirib ki, FED faiz siyasətində dəyişiklik üçün tələsməyəcək:

“Hazırda dəqiq nə baş verəcəyini bilmirik və bu səbəbdən məlumatlar olmadan qərar vermək mümkün deyil,” – deyə o qeyd edib.

Bu açıqlamalar səhm bazarlarında satışları artırıb, dollar isə son altı ayın ən aşağı səviyyəsinə geriləyib.

Eyni zamanda ABŞ və Yaponiya arasında rəsmi ticarət danışıqları başlayıb. Yaponiya yüksək tariflərdən yayınmağa çalışsa da, tərəflər 90 gün ərzində razılıq əldə etməyi hədəfləyir. Prezident Donald Tramp danışıqları “böyük irəliləyiş” adlandırıb.

Çin isə güzəştə getmək niyyətində deyil. Çin Prezidenti Si Tsinpin Cənub-Şərqi Asiya səfəri zamanı ABŞ-ın maraqlarına xidmət edən razılaşmalardan uzaq durulmalı olduğunu bəyan edib.

Hazırda qızılın qiyməti cüzi enişlə 3.338,45 dollara qədər geriləsə də, həftəni 3%-lik artımla başa vurmağa hazırlaşır. Bu fonda gümüş, platin və palladiumun qiymətləri aşağı yönlü tendensiya göstərir.