Finss.az - ABŞ-n səhm bazarı, Donald Trampın ticarət tarifləri ilə bağlı siyasəti nəticəsində təzyiq altına düşüb.
Bir sıra böyük maliyyə institutları, dünya miqyasında resessiya qorxuları yaradan bu vəziyyətə reaksiya olaraq, SP 500 indeksinin 2025-ci ilin sonu proqnozlarını aşağı salmağa başlayıb.
RBC Capital Markets, Goldman Sachs Group Inc., Barclays və Yardeni Research kimi iri maliyyə qurumları, Trampın tarif siyasətinin qlobal iqtisadiyyata yaratdığı qeyri-müəyyənliklə bağlı proqnozlarını yeniləyiblər. Bu addımlardan sonra, Evercore ISI şirkəti də analoji qərar qəbul edib. Şirkətin baş səhmlər strateqi Julian Emanuel, Trampın gümrük tariflərinin qlobal maliyyə bazarlarında yaratdığı narahatlığı və investorların təlaşını nəzərə alaraq, SP 500 indeksinin 2025-ci il üçün proqnozunu 5600 bəndə salıb. Bu, cümə günü qapanış səviyyəsindən (5074 bənd) təxminən 10% yüksəkdir. Əvvəlki proqnozda indeksin 2025-ci ilin sonunu 6800 bənd ilə tamamlayacağı göstərilirdi.
Emanuel, həmçinin 2025 və 2026-cı illər üçün səhmlər üzrə gəlir proqnozlarını müvafiq olaraq 255 və 272 dollara endirib. O, müştərilərinə göndərdiyi məktubda, "Uzunmüddətli qeyri-müəyyənlik aktivlərin volatilliyini artırıb, investorların inamını zəiflədir və iqtisadiyyatda stagflyasiya və ya hətta resessiya riskini artırır", – deyə bildirib.
Analitiklər, Trampın danışıqlarda uğur əldə edib-etməyəcəyinin əsas məsələ olduğunu qeyd edirlər. Lakin eyni zamanda, ticarət müharibəsinin daha da gərginləşməsi və bu münaqişənin iqtisadiyyata mənfi təsirlərinin artması ehtimalı yüksəkdir.