Bakı Fond Birjası 10 oktyabr 2024-cü il tarixində regionun ən böyük innovasiya sammiti olan “INMerge” İnnovasiya Sammitində iştirak edib.
Fins.az xəbər verir ki, Bakı Fond Birjasının İdarə heyətinin sədri Ruslan Xəlilov “Məlumat əsaslı idarəetmə: Qərar qəbuletmə prosesinin gələcəyi” mövzusuna həsr edilən paneldə çıxış edib. Panel müzakirələrində spiker qismində Ruslan Xəlilovla yanaşı 4SİM şirkətinin İcraçı direktoru Fariz Cəfərov, “Vision Innovation” şirkətinin həmtəsisçisi və rəhbəri Ahmad Yousif, “Google” şirkətində Qafqaz və Mərkəzi Asiya üzrə Dövlət Əlaqələri və İctimai Siyasət bölməsinin rəhbəri Olqa Skoroxodova və moderator qismində “CAPTA Strategies Africa” şirkətinin regional rəhbəri Thayendran Naidoo iştirak edib.
Çıxış zamanı Ruslan Xəlilov data əsaslı strategiyaların idarəetmə sahəsində necə dəyişikliklər yaratması, şirkət daxilində daha təsirli qərar qəbul proseslərini necə təmin etməsi və kapital bazarı üçün məlumatların əlçatanlığı və şəffaflığının əhəmiyyətindən danışdı. “Bütün investorlar və ya istifadəçilər üçün təqdim edilən məlumat ən başa düşülən formada olmalıdır. Bakı Fond Birjasında biz yuxarıda qeyd olunanları nəzərə alaraq texnologiya və məlumat infrastrukturunu inkişaf etdirməyi hədəfləyirik. Bundan əlavə, məlumatların mövcudluğunu təkcə ticarət platforması vasitəsilə deyil, həmçinin, banklar və investisiya şirkətlərinin məlumat sistemlərinə tam inteqrasiya yolu ilə də yaymaq xüsusi əhəmiyyət kəsb edir” – deyə Ruslan Xəlilov bildirib.
Regionun ən böyük innovasiya sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, müxtəlif sektorların öncül liderlərini bir araya gətirərək texnologiya, innovasiya və idarəetmə sahəsindəki ən son inkişafları və trendləri müzakirə etmək, startap və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Zemfira Ms
Fins.az