BİRJA

24 Sentyabr

“ABB”-nin səhmləri uğurla yerləşdirilib - BFB

11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmləri Bakı Fond Birjasında premium bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.

24 sentyabr 2024-cü ildə Bakı Fond Birjasında ABB səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi yekunlaşıb.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı "Azərbaycan Beynəlxalq Bankı” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ1004004581
Səhmlərin növü və forması Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı 322,000,000 ədəd
İlkin ticarət qiyməti 0.27 manat
Buraxılış həcmi 86,940,000 manat
Minimal qiymət 0.27 manat
Ortaçəkili qiyməti 0.2744 manat
Yerləşdirilən q/k sayı 206,013,235 ədəd
Reallaşdırılmış həcm 56,535,109.17 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 55,623,573.45 manat
İnvestor sayı 33,710
Sifariş və əqdlərin sayı 49,262
Anderrayter “ABB-İnvest İ.Ş” QSC

ABB səhmlərinə 3 aylıq abunə yazılışı prosesi ölkəmizin kapital bazarları üçün tarixi nəticə ilə tamamlanıb. Belə ki, ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub. Beləliklə, ABB-nin fiziki şəxs səhmdarlarının sayı 1794 nəfərdən 35 104 nəfərə qədər artıb. Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı 7,8%-ə qədər artmış olur. Səhmdar sayının artması ölkəmizin kapital bazarlarında böyük canlanma yaradacaq, yeni investisiya fürsətləri bu bazarı inkişaf etdirəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 31 avqust 2023-cü il tarixində “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrindən biri də məhz Azərbaycan Beynəlxalq Bankıdır.

Regionun iqtisadi inkişafının təmin edilməsində və maraqlı tərəflərin kapital axınına çıxışının asanlaşdırılmasında strateji rol oynayan Bakı Fond Birjası bölgədəki iqtisadi sabitliyin və artımın əsasını təşkil edən bu səylərlə investorlar üçün etibarlılığı, emitentlər üçün əlçatanlığı təmin etməklə maliyyə bazarlarının inkişafını dəstəkləyir

Zemfira Ms
Fins.az