İnvestisiya dünyasında sabit və proqnozlaşdırıla bilən gəlir mənbələri axtaranlar üçün dövlət istiqrazları ideal seçimdir. "İnvest-AZ" İnvestisiya Şirkəti QSC dövlət istiqrazlarına yatırım etmək istəyən investorlar üçün yeni imkanlar təqdim edir. Bu istiqrazlar aşağı riskli maliyyə alətləri kimi tanınır və portfelin diversifikasiyasını təmin edərək ümumi riski əhəmiyyətli dərəcədə azaldır.
Fins.az xəbər verir ki, dövlət istiqrazlarının ən böyük üstünlüklərindən biri sabit gəlir gətirməsidir. Bu istiqrazlar əvvəlcədən müəyyən edilmiş müddətdə faiz ödənişləri ilə gəlir təmin edir, bu da investorların gələcək maliyyə planlamasını asanlaşdırır. İstiqraz sahibləri gələcəkdə əldə edəcəkləri gəlirləri planlaşdıraraq maliyyə idarəetmələrini daha da gücləndirə bilərlər.
Dövlət istiqrazlarına yatırım etmək, eyni zamanda, aktivlər üzərində üstün hüquqlar verir. Emitent şirkət və ya dövlət müflis elan olunduqda, ilk növbədə istiqraz sahiblərinin vəsaitləri geri qaytarılır. Bu, investorların risklərini minimal səviyyəyə endirən mühüm amildir.
İnvestorlar öz məqsədlərinə və risk profillərinə uyğun olaraq müxtəlif növ istiqrazlar arasında seçim edə bilərlər. Konversiya oluna bilən istiqrazlar, inflyasiya və valyutaya indekslənmiş istiqrazlar, həmçinin diskont istiqrazlar fərqli investisiya strategiyalarına uyğunlaşdırıla bilər. Bu çeşidlilik, hər bir investorun fərdi ehtiyaclarına cavab vermə imkanı yaradır.
Dövlət istiqrazlarının hərracı Bakı Fond Birjasında keçirilir. Həm hüquqi, həm də fiziki şəxslər bu hərraclarda iştirak edə bilər. Sifarişlərin qəbulu hərrac günləri saat 11:00-dan 12:30-a qədər davam edir. Bu proses investorların istiqrazlara sərmayə qoyaraq sabit gəlir əldə etməsi üçün geniş imkanlar yaradır.