Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 2,2 %, 2025-ci ildə 4,7 %, 2026-cı ildə isə 4,5 % səviyyəsində olacağını proqnozlaşdırır.
Bu barədə Fins.az şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, əvvəlki aylarda verilmiş proqnozlarla müqayisədə bu ilin və 2025-ci ilin inflyasiya proqnozları 0,7 faiz bəndi, 2026-cı il üçün isə 0,3 faiz bəndi artmışdır.
Proqnozlara görə, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta illik inflyasiyanın 3,2 %, dördüncü rübdə isə 4,5 % səviyyəsində olması gözlənilir. 2025-ci ilin ilk rübündə inflyasiyanın 5,5 %, ikinci rübdə 5,9 %, üçüncü rübdə 4 % və dördüncü rübdə isə 3,6 % olacağı proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul ayları ərzində istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 %, iyul ayında ötən ilin eyni ayına nisbətən 2,7 %, bu ilin iyun ayına nisbətən isə 0,9 % artmışdır.
İqtisadiyyat Nazirliyi 2024-cü il üçün illik inflyasiyanın 2,7 %, 2025-ci il üçün isə 4,9 % olacağını gözləyir. Azərbaycan Mərkəzi Bankı isə inflyasiya proqnozlarını artırmışdır; 2024-cü il üçün inflyasiyanın 5,4 %, 2025-ci il üçün isə 5,5 % səviyyəsində olacağı proqnozlaşdırılır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % olacaq, 2025-ci ildəsə 3,9 % səviyyəsinə enəcək. Beynəlxalq Valyuta Fondu (IMF) isə bu il inflyasiyanın 3,5 %-ə qədər azalacağını, 2025-ci ildə 5 % və 2029-cu ildəsə 4 % səviyyəsində olacağını proqnozlaşdırır.
Dünya Bankının qiymətləndirmələrinə görə, 2024-cü ildə illik inflyasiya 3 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə isə 4 % olacaq. Orta illik inflyasiyanın isə ortamüddətli perspektivdə 2,2 % səviyyəsində qalacağı gözlənilir.
Asiya İnkişaf Bankının (ADB) proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 %, 2025-ci ildəsə 6,5 %-ə qədər yüksələcək.
“SP Global Ratings” beynəlxalq reytinq agentliyinin 2024-2027-ci illər üçün inflyasiya proqnozları isə 3 % səviyyəsindədir.
Fuad Mədətov
Fins.az