Bu gün Bakıda "Mənbədən innovasiyalara: kriptovalyuta bazarlarının yolu" mövzusunda "Chain Reaction 2024" forumu keçirilir.
Fins.az xəbər verir ki, tədbirin təşkilatçılarından biri dünyanın aparıcı kriptovalyuta birjası "Binance"dır.
Şirkətin baş marketinq direktoru Reyçel Konlan bildirib ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə müzakirələr aparılıb və müasir dünyada təhsilin mühüm rol oynadığı qənaətinə gəlinib:
"Müasir rəqəmsal aktivlər və texnologiyalar dünyasında təhsil ən mühüm rol oynayır. Bu, insanların kriptovalyuta bazarına təhlükəsiz və düzgün şəkildə daxil olması, lazımi məlumatlarla təmin olunması üçün vasitəsidir. Təhlükəsizlik və məlumatlılıq istənilən maliyyə bazarında uğurlu fəaliyyətin açarıdır və rəqəmsal aktivlər də istisna deyil. Təbii ki, istənilən digər maliyyə məhsulu kimi, kriptovalyutarın ticarəti də risklərlə və dəyişkənliklərlə müşayiət olunur. Biz uzunmüddətli perspektivdə ekosistem qurmalıyıq və bu zaman insanları nəyə investisiya qoyduqlarını başa düşməyə öyrətməliyik. Məhz bu yanaşma çağırışların öhdəsindən gəlməyə və rəqəmsal aktivlərin əsl dəyərini açmağa imkan verəcək."