BİRJA

09 Sentyabr

İqtisadi İcmal: Yeni həftəyə başlayarkən...

Yeni həftəyə başlayarkən, Yapon yeni rüblük ÜDM göstəricilərinin proqnozlardan aşağı qalması ilə dəyər itirib. Yaponiyanın ÜDM-i illik olaraq 2.9% artıb, amma gözləntilər 3.1% artım yönündə idi. Rüblük artım isə 0.7% təşkil edib. Bu səbəbdən, USD/JPY valyuta cütlüyü bu gün 141.960-dan 143.070-ə qədər yüksəlib. Yapon yeni, dollar qarşısında dəyər itirərək 2.7% ucuzlaşıb.

Fins.az xəbər verir ki, eyni zamanda, EUR/USD valyuta cütlüyü 1.1090 səviyyəsindən 1.1070-ə qədər geriləyib. Dollar indeksi isə ABŞ-ın ticarət tərəfdaşları ilə müqayisədə 0.14% artaraq 101.32 bəndə yüksəlib. ABŞ-ın Qeyri-kənd Təsərrüfatı Sektorunda yeni iş yerlərinin sayı proqnozların altında qalıb ki, bu da dolların bahalaşmasına təsir edib.

Qızılın qiyməti ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz qərarları ərəfəsində və dolların qiymətindəki artım nəticəsində ucuzlaşıb. Bu gün səhər saatlarında dəyərli metalın qiyməti 2500$-dan 2487$-a qədər düşüb, hazırda isə 2490$ həddində ticarət olunur.

Həftənin çərşənbə günü ABŞ-da inflyasiya göstəriciləri açıqlanacaq. Bazar iştirakçıları FED-in sentyabr ayında faiz dərəcələrini azaltmaqla bağlı mümkün qərarları izləyirlər. Analitiklərin 71%-i faiz dərəcəsinin 5-5.25%-ə qədər, 29%-i isə 4.75-5%-ə qədər azalacağını proqnozlaşdırır.

Cümə axşamı Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Proqnozlara əsasən, AMB uçot dərəcəsini 4.25%-dən 3.65%-ə qədər endirəcək. Həftə ərzində Almaniyada inflyasiya göstəriciləri, Avrozonanın sənaye istehsalı, Böyük Britaniyada işsizlik səviyyəsi, ÜDM və sənaye sektoruna dair rəqəmlər investorların diqqətində olacaq əsas xəbərlərdir.