BİRJA

03 Sentyabr

Moskva birjasında kəskin düşüşlər

2 sentyabr tarixində keçirilən ticarət sessiyasında Moskva Birjası indeksi may ayından bəri ilk dəfə olaraq 2600 bənddən aşağı düşdü.

Fins.az xəbər verir ki, indeks minimumda 2566 bənd səviyyəsinə çataraq sonuncu dəfə 2023-cü ilin 10 mayında müşahidə olunan səviyyəyə geri döndü. Bu, may ayında qeydə alınan yerli maksimum səviyyədən 900-dən çox bənd itki deməkdir.

RTS indeksi də əhəmiyyətli dərəcədə geriləyərək 886 bənd səviyyəsinə endi ki, bu da 2022-ci ilin aprel ayından bəri ən aşağı göstəricidir. Dövlət istiqrazları RGBI indeksi isə 102,91 bənd səviyyəsinə düşdü. Bu, 2024-cü ilin iyul ayında qeydə alınan 102,9 bəndlik tarixi minimumdan cüzi fərqlənir.

"Alor Broker" şirkətinin investisiya məsləhətçiliyi üzrə rəhbəri Aleksey Antonov RBC-yə verdiyi şərhdə bildirib ki, son günlərdə Rusiya səhmlərinin kütləvi satışları davam edir. Bu da bazarın hələ dibə vurmadığını göstərir. Belə bir qeyri-müəyyənlik şəraitində bazar iştirakçıları ehtiyatlı davranır və riskləri minimuma endirmək üçün addımlar atırlar.

"Цифра брокер" analitiki Natalya Pıryeva isə qeyd edib ki, yerli qiymətli kağızlara marağın azalmasının əsas səbəblərindən biri, faiz dərəcələrinin artırılması perspektividir. Bununla yanaşı, neft qiymətlərindəki davamlı enişlər də investorların qərarlarına təsir edən əsas faktorlardan biridir.

Keçən cümə günü Moskva Birjası indeksi bir il ərzində ilk dəfə 2650 bənddən aşağı düşmüşdü, lakin bu səviyyədə möhkəmlənə bilməmişdi. İnvestorlar arasında artan narahatlıq fonunda, bazarda gələcək dövr üçün də qeyri-müəyyənlik davam edəcək kimi görünür.