BİRJA

24 Avqust

Dollar valyutalar qarşısında gücünü itirir

Bu cümə günü ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pavelin çıxışı ərəfəsində dollar əsas valyutalar qarşısında ucuzlaşmaqdadır. 

Fins.az xəbər verir ki, "Jackson Hole" iqtisadi simpoziumunda baş tutacaq çıxışı zamanı Pavelin, FED-in uçot dərəcəsinin endirilməsi ilə bağlı verə biləcəyi ipuçları investorların diqqət mərkəzindədir.

Analitiklərin 73.5%-i sentyabr ayında FED-in uçot faiz dərəcəsinin illik 5.25-5.5%-dən 5-5.25%-ə endirilməsini proqnozlaşdırır. Digər proqnozlar isə faiz dərəcəsinin 4.75-5%-ə qədər endiriləcəyini göstərir. Bu gözləntilər dolların dəyərinə təsir göstərərək onun ucuzlaşmasına səbəb olub.

Amerika valyutasının dəyərinə eyni zamanda daşınmaz əmlak bazarındakı daxili makrostatistik göstəricilər də təsir edə bilər. Proqnozlara əsasən, ABŞ-da iyul ayında yeni evlərin satışı 617 mindən 630 minə qədər yüksəlib. Bu göstəricilər dolların gələcək dəyərini müəyyən etməkdə əhəmiyyətli rol oynayacaq.