İyulun 29-da “Bitcoin” (BTC) məzənnəsi “Binance” kriptovalyuta birjasında 66.9 min dollar təşkil edib, hazırda isə 69.9 min dollara ticarət olunur. Son 24 saat ərzində kapitallaşmaya görə dünyada ən böyük kriptovalyuta təxminən 4% bahalaşıb.
Fins.az xəbər verir ki, iyulun 27-də Neşvilldə keçirilən “Bitcoin 2024” kriptovalyuta konfransında ABŞ-ı “planetin kriptovalyuta paytaxtı” edəcəyinə söz verən Trampın açıqlamaları fonunda “Bitcoin” iyunun ortalarından bugünə qədər maksimum həddə çatıb. Tramp, cinayət araşdırmaları zamanı müsadirə edilən kriptovalyutanı açıq bazarda satmaq əvəzinə, strateji ehtiyat yaratmaq üçün istifadə etməyi təklif edib. Həmçinin, prezident seçiləcəyi təqdirdə ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) rəhbərini işdən çıxaracağını vəd edib.
Analitiklərə görə, “Bitcoin” FED-dən siqnal gözləyir. Federal Açıq Bazarlar Komitəsi (FOMC) əsas faiz dərəcəsi ilə bağlı həftənin ortasında toplanacaq. İnvestorların “Bitcoin”-in gələcək hərəkət istiqaməti ilə bağlı gözləntiləri bu qərardan asılıdır.
Qeyd etmək lazımdır ki, ABŞ-da inflyasiyanın azalması “Bitcoin” üçün əsas amildir. FOMC iclasının nəticələri iyulun 31-də, avqustun 14-də isə yeni inflyasiya məlumatları (CPI) açıqlanacaq. Analitiklər bu hadisələrin bazarlarda yüksək volatilliyə səbəb olacağını proqnozlaşdırırlar.