BİRJA

07 İyun

Qızıl ABŞ-da əmək bazarı göstəriciləri öncəsi bahalaşıb

İnvestorlar FED-in faiz dərəcəsi proqnozunu yönləndirə biləcək ABŞ-da əmək bazarı məlumatlarının dərci öncəsi qızıl qiymətləri həftəlik artıma doğru gedir.

Fins.az xəbər verir ki, valyuta bazarlarında qiymətlərin FED-in bu il faiz dərəcələrini endirməyə başlayacağı dəqiq görünməyə başlasa da, bugün ölkədə açıqlanacaq əmək bazarı, xüsusilə də, Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı (NFP) göstəriciləri bankın gələcək dövr üçün yol xəritəsinə təsir edəcəyi ehtimal edilir.

Həftənin son ticarət günündə spot qızıl bir unsiya üçün 2387.50$-a kimi yüksəldi.

İqtisadçılar may ayında ABŞ-da NFP-nin 180-min olaraq açıqlanacağını və işsizlik səviyyəsinin isə sabit qalacağını proqnozlaşdırırlar.

Cümə axşamı açıqlanan rəqəmlər, İşsizlik Müavinəti üçün Müraciətlərinin Sayının proqnozları aşdığını, ABŞ-da əmək xərclərinin ehtimal ediləndən daha az artdığını və mənfi ticarət saldosunun artdığını göstərdi.

Bu səbəbdən də investorların FED-in uçot dərəcəsini azaltma ehtimalı bir qədər də artdı. Digər tərəfdən, həftə ərzində açıqlama verən ABŞ rəsmiləri borclanma xərclərini azaltmadan əvvəl inflyasiyanın mərkəzi bankın 2%-lik hədəfinə doğru azaldığına dair daha çox sübuta ehtiyac duyduqlarını vurğuladılar ki, bu da faiz dərəcəsinin endirilməsi ehtimalını dəstəkləyə bilər.