BİRJA

13 May

Qızıl qiymətləri ucuzlaşır

Ötən həftə demək olar ki, 3% artdıqdan sonra, bazar ertəsi səhər qızılın qiyməti ucuzlaşır.

Fins.az xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında iyun ayı üçün qızıl fyuçerslərinin qiyməti 1 troya unsiyası üçün 15.6$ və ya 0.66% azalaraq 2359.4$ olub. İyul ayı üçün gümüş fyuçerslərinin qiyməti 0.86% ucuzlaşaraq bir unsiya üçün 28.26$ təşkil edib.

Ötən həftə ərzində qızıl 2.9% bahalaşıb. Dəyərli metalın qiyməti ABŞ Federal Ehtiyatlar Sisteminin uçot faiz dərəcəsini azaltması ilə bağlı bazarların optimizmi ilə dəstəklənib. Analitiklərin proqnozlarına görə, FED sentyabr ayında uçot dərəcəsini endirə bilər.

Cari həftənin çərşənbə günü investorlar ABŞ-da inflyasiyaya dair statistik məlumatların dərcini gözləyirlər. Proqnozlara əsasən, ölkədə illik inflyasiya öncəki ay ilə müqayisədə aprel ayında 3.5%-dən 3.4%-ə qədər azalıb.

Qızıl ABŞ-dan gələn makro statistik məlumatlara və FED-in əsas faiz dərəcəsi ilə bağlı gözləntilərə qarşı həssasdır. Ənənəvi olaraq, güclü statistika dolları dəstəkləyir və FED-in uçot dərəcəsini endirilməsi ilə bağlı gözləntiləri məhdudlaşdırır, bu da, “sarı metal”-ın qiymətlərinə mənfi təsir göstərir və ya zəif iqtisadi göstəricilər isə əksinə.