BİRJA

26 Fevral

“Binance” ABŞ-ın Ədliyyə Nazirliyinə 4.3 milyard dollar ödəyəcək

Vaşinqtonun Qərb Bölgəsi üzrə Federal Məhkəməsi “Binance” kriptovalyuta birjasının 4.3 milyard dollar cərimə ödəməli olduğunu təsdiqləyib.

Fins.az xəbər verir ki, bölgə hakimi Riçard Cons 1.81 milyard dollarlıq cinayət üzrə cəriməsini və şirkətin xidmətlərin göstərilməsində lazımi diqqəti göstərməməsinə görə cəza olaraq 2.51 milyard dolların müsadirə olunmasına dair sövdələşməni təsdiqləyib.

Prokurorlar bildiriblər ki, 4.3 milyard dollar ABŞ-ın Ədliyyə Departamentinin tarixində maliyyə xidmətləri göstərən şirkətə qarşı qoyulmuş ən böyük cərimədir.

İmzalanmış memoranduma əsasən, birja ABŞ qanunlarına əməl olunmasını təmin etmək üçün tədbirlər görəcək. Məhkəmə “Binance”-ın uyğunluğuna nəzarət etmək üçün təyin ediləcək müstəqil qurum haqqında hələ qərar verməyib.

Xatırladaq ki, 2023-cü ilin noyabr ayında kriptovalyuta birjası sanksiyalar və çirkli pulların yuyulmasına qarşı qanunları pozmaqda günahını etiraf edərək, cərimə ödəməyə razılaşdı. “Binance”-in qurucusu Çanpen Tsao da ittihamlarla razılaşaraq, platformanın baş direktoru vəzifəsini tərk etdi. Tsao hazırda 175 milyon dollar girov müqabilində azaddır və ABŞ-ın Ədliyyə Nazirliyinin ittihamları üzrə hökm aprelin 30-na qədər təxirə salınıb. Sahibkara “Binance” ilə əlaqəli əməliyyatlarda və ya biznesin idarə edilməsində iştirak etmək qadağandır.