BİRJA

31 Yanvar

“Bakı Fond Birjası” QSC ilə ADA Universiteti əməkdaşlıq edəcək

Yanvarın 29-da “Bakı Fond Birjası” QSC (BFB) ilə ADA universiteti arasında əməkdaşlıq prinsiplərinə dair Anlaşma Memorandumu imzalanıb.

BFB-dən Fins.az-a verilən məlumata görə, sənədi Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə imzalayıblar.

Memorandum ADA Universitetində təhsil alan tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədi daşıyır. Razılaşmaya əsasən, Bakı Fond Birjası ADA Universitetinin tələbə və müəllimləri üçün müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyaları, istehsalat və könüllü təcrübə proqramları təşkil edəcək.

Ruslan Xəlilov bildirib ki, Memorandumda, təhsil müəssisəsinin irəli sürdüyü layihələrə  tərəfimizdən dəstəyin verilməsi və əməkdaşlarımızın bu cür tədbirlərdə qonaq spiker qismində iştirak etməsi nəzərdə tutulub.

Fariz İsmayılzadə qeyd edib ki, biz bu əməkdaşlıqla tələbələrimizə real iş mühitini görmələri və peşəkarlardan dəyərli fikirlər və təcrübələr əldə etmələri üçün şərait yaradırıq. Biz həm də tələbələrimizi dərsliklərdən kənara çıxan öyrənmə metodları ilə tanış edir, onları mütəmadi dəyişən və inkişaf edən sahələrdə uğura hazırlayırıq.

Qeyd edək ki, memorandum çərçivəsində birjanın təşkilatçılığı ilə tələbələr üçün BFB-nin ofis binasına və ya başqa məkanlara turların, habelə digər informativ ekskursiyaların təşkil edilməsi və müxtəlif müsabiqələrin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti yaradılması anından etibarən Azərbaycanın mütəşəkkil kapital bazarı sahəsində təşkil olunmuş yeganə fond birjasıdır. Bu gün, Bakı Fond Birjası ümümi ticarət dövriyyəsi 27 milyard manatdan artıq olan, unikal tarixə, kapital bazarının peşəkar iştirakçıları ilə möhkəm münasibətlərə və xarici ölkələrin bir çox fond birjaları ilə tərəfdaşlıq münasibətlərinə malik olan birjadır.

Fuad Mədətov
Fins.az