Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, ABB-İnvest investisiya şirkəti və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən yerli şirkətlər üçün “Bakı Fond Birjasında Listinq və Listinq Məsləhət Proqramı” mövzularında onlayn sertifikatlı təlim keçirilib.
Fins.az xəbər verir ki, təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası və ABB-İnvestisiya Şirkətinin əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.
Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.
Təlimlə bağlı suallarınız olarsa [email protected] elektron poçt ünvanı və ya (012) 498 98 20 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.