BİRJA

06 İyul

Bakı Fond Birjasında “Ferrum Kapital” QSC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilib

İyulun 6-da Bakı Fond Birjasında “Ferrum Kapital” QSC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.

Fins.az xəbər verir ki, ümumi dəyəri 2,500,000 (iki milyon beş yüz min) manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.

Açılış mərasimində emitent tərəfindən “Ferrum Kapital” QSC, birja üzvü tərəfindən “Unicapital İnvestisiya Şirkəti” QSC və BFB-nin nümayəndələri iştirak edib. BFB-nin Biznes İnkişafının direktoru Emil Babayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, “Ferrum Kapital” QSC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.

Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılıb.