Bu gün Bakı Fond Birjasında “MAX” MMC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir. Ümumi dəyəri 500,000 (beş yüz min) manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
Fins.az xəbər verir ki, açılış mərasimində emitent tərəfindən “MAX” MMC, birja üzvü tərəfindən “Unicapital İnvestisiya Şirkəti” QSC və BFB-nin nümayəndələri iştirak edib. BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, “MAX” MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.
Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.
Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılmışdır.