Dünya Bankı 2023-2024-cü illər üçün qızılın qlobal orta qiyməti üzrə proqnozunu artırıb.
Bu barədə Fins.az Dünya Bankı əmtəə bazarları ilə bağlı növbəti hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2023-cü ildə qızılın orta qiymətinin bir troya unsiyası üçün 1 900 dollar səviyyəsində olacağı ehtimal olunur, bu da öncəki proqnoz göstəricisindən 200 bənd çoxdur. Bankın mütəxəssisləri gələn il qızılın qiymətinin 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 7,9% azalacağını və 1 750 dollar olacağını proqnozlaşdırırlar.
Qeyd olunur ki, 2022-ci ildə qızılın orta qiyməti bir troya unsiya üçün 1 801 dollar səviyyəsində olub, bu da 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 5,5% azdır.
Bununla yanaşı, Dünya Bankı 2022-2023-cü illər üçün gümüşün bir troya unsiyası üçün orta qiyməti üzrə də proqnozunu yaxşılaşdırıb. Belə ki, 2023-cü ildə gümüşün bir troya unsiyasının qiymətinin 23 dollar (öncəki proqnoz göstəricidən 2 bənd çoxdur), 2024-cü ildə isə 4,3% azalaraq, 22 dollar (öncəki proqnozdan 1 bənd aşağıdır) olacağı ehtimal olunur.
Bildirilir ki, 2022-ci ildə gümüşün orta qiyməti bir troya unsiya üçün 21,8 dollar səviyyəsində olub, bu da 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 5,5% azdır.