BİRJA

08 Fevral

Bakı Fond Birjası BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu ilə görüş keçirib

Bu gün Bakı Fond Birjası BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu ilə onlayn formatda görüş keçirib.

BFB-dən Fins.Az-a verilən məlumata görə, görüş zamanı yerli kapital bazarlarında ilkin kütləvi təklif və yaşıl istiqrazın emissiya imkanları, maliyyə savadlılığının artırılması və listinq məsləhət proqramı barəsində qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bakı Fond Birjası 31 mart 2020-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı Fond Birjaları Təşəbbüs (red. – ingiliscə “The UN Sustainable Stock Exchange Initiative”, abbrevatura – “UNSSE”) qrupuna üzv olaraq qəbul olunub. 2009-cu ildə əsası qoyulmuş Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupunun (Təşəbbüs Qrup) əsas məqsədi qabaqcıl ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin öyrənilməsi və tətbiqi üzrə birjalar üçün mütəşəkkil platforma yaratmaq və müəyyən olunmuş dayanıqlı inkişaf hədəfləri çərçivəsində investisiya və maliyyələşmə prinsiplərini təşviq etməkdir.

Ənənəvi olaraq hər il olduğu kimi, Bakı Fond Birjası bu il də BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupunun və Dünya Birjaları Federasiyasnın təşkilatçılığı ilə beynəlxalq qadınlar gününə həsr olunmuş Gender Bərabərliyi üçün Açılış zəngi tədbiri keçirəcəkdir.

Fuad Mədətov
Fins.Az