"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) "Bakı Fond Birjası"da 100 milyon ABŞ dolları dəyərində istiqrazlarını yerləşdirir.
Fis.az-ın verdiyi xəbərə görə, istiqrazların nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi isə 6% təşkil edir.
Məlumata görə, 100 min ədəd emissiya edilən istiqrazları həm fiziki, həm də hüquqi şəxslər əldə edə, bununla da ASCO istiqrazlarının investoru ola bilərlər. İstiqraz sahiblərinə faiz dərəcələri ildə iki dəfə olmaqla 6 aydan bir ödəniləcək. İstiqrazları həm ilkin, həm də təkrar bazardan almaq mümkündür. ASCO istiqrazlarını ilkin bazarda almaq üçün investorlar istiqrazın Anderrayteri - PAŞA Kapital İnvestisiya şirkətinə müraciət edərək abunə yazılmalıdırlar. Abunə yazılışının müddəti 60 gün təşkil edir. Dollarda yüksək gəlirli maliyyə aləti olan ASCO istiqrazları sahiblərinə 5 il müddətində dövlət zəmanətli qazanc vəd edir.