BİRJA

27 Dekabr

“Kapital Bank”ın səhmlərinə 63 investor 66 sifariş təqdim edib

22-27 dekabr 2022-ci il tarixlərində ticarətə buraxılan “Kapital Bank” ASC-nin nominal dəyəri 12.39 manat olan AZ1003005159 dövlət qeydiyyat nömrəli, 19 milyon 999 min 999.95 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşıb.

Birjanın yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə 63 investor tərəfindən 12.39 manat qiymətindən 66 sifariş təqdim edilib.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 19 milyon 999 min 999.95 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 19 milyon 999 min 999.95 manat təşkil edib.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC olub.

Səhmlərin yerləşdirilməsi nəticəsində "Kapital Bank" ASC-nin nizamnamə kapitalı təxminən 245 milyon 850 min manatdan 265 milyon 850 milyon manata yüksəlib.