4 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə metal məmulatlarının istehsalı ilə məşğul olan "AzeSteelCompany" ASC-nin ümumi dəyəri 1,5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjadan "Fins.az"-a verilən məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Faizli təmin edilmiş sənədsiz adlı istiqrazların sayı 1500 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10%, tədavül müddəti 24 ay, kupon faizlərinin ödəniş müddəti hər 90 gündən birdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.