Dollar 2002-ci ildən bəri ilk dəfə avroya bərabər olub.
Bu, Avropa iqtisadiyyatının dərin tənəzzülə doğru getdiyinə dair bazar spekulyasiyasına işarədir.
Bu dəyişiklik o deməkdir ki, Avropa şirkətləri və istehlakçıları idxal etdikləri mal və xidmətlərə görə daha çox pul ödəyəcəklər və Avropa ixracı beynəlxalq bazarlarda dərhal ucuzlaşacaq.
Fevralın əvvəlindən avro kəskin ucuzlaşıb. Aİ-nin əsas enerji təchizatçısı olan Rusiyanın Qərbin sanksiyalarına cavab olaraq qaz tədarükünü tamamilə kəsmək üzrə olacağına dair qorxuların yayılması son həftələrdə azalma sürətini artırıb.
Bu günə kimi 12 Aİ ölkəsi Rusiya qazının tədarükünü tamamilə və ya qismən azaldıb.
“Şimal axını 1” qaz kəmərindən tədarük planlı 10 günlük təmir üçün bu həftənin əvvəlində dayandırılıb. Avropada Rusiyanın tədarükləri bərpa etməyəcəyindən qorxurlar.
“Rusiya qazının tədarükünü tamamilə dayandırmağa hazırlaşaq. İndi bu, ən çox ehtimal olunan variantdır” Fransanın maliyyə naziri Bruno Le Maire bildirib.
Bütün gözlər avronun ABŞ dollarından aşağı düşüb-düşməyəcəyinə baxacaq. Sonuncu dəfə bu, 2002-ci ilin noyabrında baş vermişdi, o zaman avronun məzənnəsi 0,99 dollar idi.
O vaxtdan bəri avro durmadan yüksələrək, 2008-ci ilin yayında Böyük Tənəzzülün ABŞ-da maliyyə tələfatına səbəb olduğu zaman təxminən 1,60 dollara çatdı.
Lakin Ukraynadakı müharibə vəziyyəti dəyişdi və Aİ iqtisadiyyatına ağır zərbə vurdu. Qəfil şok, iqtisadi aktivliyin tədricən yavaşlaması ilə yanaşı, iyun ayında Avrozonada rekord inflyasiya 8,6% təşkil etdi.
Avropa Mərkəzi Bankı artıq inflyasiyanın qarşısını almaq məqsədilə faiz dərəcələrini artırıb və vəziyyət daha da pisləşdikcə bunu davam etdirməyi planlaşdırır. Lakin bəzi analitiklər ECB-ni ABŞ, Böyük Britaniya və Kanadadakı həmkarları ilə müqayisədə çox gec hərəkət etdiyinə görə tənqid edirlər.
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı Robin Brooks Twitter-də yazıb: “Ola bilsin ki, müəyyən səviyyədə avronun ABŞ dollarına nisbətdə pariteti sadəcə rəqəmdir. Ancaq bazarlar səviyyələrə əhəmiyyət verən insanlardan ibarətdir ki, bu da paritetə xüsusi psixoloji məna verir, ən azı ona görə ki, 20 il ərzində paritet görməmişik.”
© report