Azərbaycanda ilk dəfə olaraq şirkətimizin müştəriləri beynəlxalq şirkətlərin IPO-larına çıxış əldə etdilər
Fins.az xəbər verir ki, bunu "AzFinance İnvestisiya şirkəti"-nin direktoru İntiqam Səfərəliyev deyib.
O AzFinance investisiya şirkətinin xarici birjalarda ticarət etməkdə maraqlı olan investorlara, Azərbaycanda ilk dəfə olaraq təqdim etdiyi xidməti barədə məlumat verərək deyib ki, xarici bazarlarda bu sahədə əhəmiyyətli nailiyyətlər əldə olunub.
"Azərbaycanda ilk dəfə olaraq şirkətimizin müştəriləri beynəlxalq şirkətlərin IPO-larına çıxış əldə etdilər. IPO-ya qoyulan investisiyalar yüksək gəlirlə fərqlənir və çoxsaylı investorları özünə cəlb edən pul qazanmaq üçün sərfəli istiqamətdir. Bu, investor üçün ciddi tələblər olmadan müxtəlif şirkətlərin çoxşaxəli səhm portfelini toplamağı mümkün edən universal bir vasitədir",- deyə İ. Səfərəliyev əlavə edib.
İ.Səfərəliyev dünyada xüsusilə tanınan, beynəlxalq şirkətlərin İPO-larına maraq göstərən investorlar üçün də rəhbərlik etdiyi AzFinance investisiya şirkəti tərəfindən xüsusi imkanlar yaradıldığını bildirərək: “AzFinance xarici bazarlara çıxışı mümkün qədər əlçatan və rahat edib. Qlobal ticarət birjalarına çıxış ilə, şirkətin müştəriləri artıq ticarət platforması vasitəsi ilə IPO-ya qatılaraq səhmlərini ictimaiyyətə təqdim etməzdən əvvəl satın ala bilərlər. Amerika birjası ilə yanaşı Avropa birjalarında da minimum komissiya xərcləri ilə ticarət mümkündür", - deyə qeyd edib.
Şirkət rəhbəri, investisiya edərkən peşəkar məsləhətinin vacibliyini vurğulayaraq: “Təbii ki, qiymətli kağızlar bazarındakı vəziyyətin ətraflı təhlili, tendensiyaların izlənməsi müəyyən bilik tələb edir və təcrübəsi az olan investorlar üçün çətin ola bilər. Bu halda onlara Aktivlərin İdarə edilməsi - Asset Management xidmətlərindən istifadə etmələri tövsiyə olunur”,- deyə vurğulayıb.
O, daxili kapital bazarlarındakı perspektiv və yüksək gəlir vəd edən qiymətli kağızlarla bağlı məlumat verərək, daxili qiymətli kağızlar bazarında ilk növbədə dövlət istiqrazlarına diqqət çəkib. "Bu yaxınlarda dövlət istiqrazlarından illik 8% qazanmaq imkanı verən bir kampaniyaya başladıq. Bu qiymətli kağızlar etibarlı, sığortalı, Milli Depozit Mərkəzində saxlanılır. Dövlət istiqrazlarının sahibləri istənilən vaxt hesablarını yoxlaya bilərlər",- deyə İ. Səfərəliyev qeyd edib.
Müəllif:Aynur Qəniyeva