2018-2020-ci illərdə yerləşdirilən və əsas borcu 2021-ci ildə qaytarılacaq istiqrazların ümumi məbləği 681,5 milyon manat təşkil edir və bu məbləğin daxili bazardan cəlb ediləcək vəsait hesabına təkrar maliyyələşdirilməsi planlaşdırılır.
Bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində deyilir.
Bildirilir ki, eyni zamanda, 2021-ci ilin dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə daxili bazarda yerləşdiriləcək dövlət istiqrazları hesabına əlavə 1,3 milyard manat məbləğində vəsaitin cəlb edilməsi nəzərdə tutulur. Göründüyü kimi, növbəti ildə istiqrazlar üzrə qaytarılacaq əsas borcun daxili bazarda təkrar maliyyələşdirilmə hesabına təmin edilməsi, həm də büdcə kəsirinin bağlanması üçün təqribən 2 milyard manat məbləğində dövlət istiqrazları emissiya olunmalıdır.