AzFinance İnvestisiya şirkəti “PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.
Hesabatlara əsasən şirkətin idarə etdiyi vəsait 2019-cu il ərzində iki dəfə artıb. Şirkət fərdi investor portfelini idarə etmək üzrə fəaliyyətini genişləndirmiş və bir il ərzində portfelin həcmini 2 dəfə artırmağa nail olmuşdur. Eyni zamanda, şirkət bu fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırmış və hesabatda müştərilərin vəsaitlərini ayrıca qeyd etməklə balansda aktiv və passivlərdə azalma etmişdir. Şirkət 2019-cu il ərzində 1 992 784 manat gəlir, 1 611 346 manat xərc və 261 159 manat mənfəət əldə etmişdir.
AzFINANCE Investisiya şirkəti 2014-cü ildən başlayaraq fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyəti brokerlik, portfelin idarə edilməsi, konsaltinq və anderraytinq xidmətlərindən ibarətdir. Şirkət həm yerli, həm də xarici bazarlarda qiymətli kağızların alqı-satqısını həyata keçirir. Şirkət kapital bazarında investisiya etmək və vəsait cəlb etmək istəyənlər üçün ən yüksək şərait yaratmışdır. Azərbaycanda Bakı Fond Birjasının, Mərkəzi Depozitarinin, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının və Listinq Məsləhət Proqramının üzvüdür.