BİRJA

10 Mart

"Manat istiqrazlarının buraxılması üçün qanunvericiliyində dəyişiklikləri gözləyirik"

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın milli valyutasında istiqrazların buraxılması üzrə planlarını saxlayır.

Bunu AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink deyib.

"Milli valyutada istiqrazların buraxılması bizə Azərbaycanda kapital bazarlarının inkişafını dəstəkləməyə imkan verəcək. Bu məsələ hələ müzakirə mərhələsindədir. Qanunvericiliyə bir sıra dəyişikliklərin edilməsi lazımdır və bu, həyata keçirilən kimi biz manatla istiqrazların buraxılması imkanlarını ciddi şəkildə nəzərdən keçirməyə başlayacağıq", - deyə Riqterink bildirib.

Öz növbəsində, AYİB-in Bakı Ofisinin rəhbəri İvan Duarte qeyd edib ki, bank qanunvericiliyə dəyişikliklərin edilməsi üçün lazımi təkliflər hazırlayıb və bu təkliflər hazırda Mərkəzi Banka təqdim edilib. “Biz dəyişikliklərin nəzərdən keçirilməsi üçün yeni parlamentin fəal işə başlamasını gözləyirik", - deyə o əlavə edib.

 

AYİB 2016-cı ildə Azərbaycanın milli valyutasında istiqrazların emissiyasını həyata keçirməyi planlaşdırdığını açıqlayıb.

2019-cu ilin mart ayından etibarən Azərbaycanda qüvvəyə minən yeni qaydalara əsasən, xaridə qeydiyyatdan keçən xarici maliyyə institutları Azərbaycanda istiqraz emissiyası həyata keçirmək hüququna malikdir.

Manat istiqrazlarının yerləşdirilməsi ilk olaraq Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən həyata keçirilib. 2019-cu il avqustun 1-də bank ilk tranşı (10 milyon manat) yerləşdirib. Kağızlara tələb ümumilikdə təklifi 8 dəfə üstələyib.

Bundan əlavə, Asiya İnkişaf Bankı da manat istiqrazlarının emissiyasını həyata keçirməyi planlaşdırdığını bildirib.

Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bank indiyədək Azərbaycanda 170 layihənin maliyyələşdirilməsinə 3,3 milyard avro ayırıb.

©  "İnterfaks-Azərbaycan"